Fəqərələr arasında yerləşən diskin zədələnməsi ilə müşayiət olunan xəstəlikdir. Fəqərəarası disk – xüsusi lifli struktur olmaqla fəqərələr arasında əlaqə yaradaraq onurğa sütununa düşən təzyiqi azaldır və amortizasiya funksiyasını yerinə yetirir. Disklər elastik, amma eyni zamanda da möhkəmdir. Bunun sayəsində önə, arxaya və yanlara doğru əyilmə mümkün olur. Yaşla əlaqədar disklər getdikcə elastikliyini itirir və dağılır.

Fəqərəarası disk normal halda üç hissədən ibarətdir:

Fibroz həlqə. Disk xaricdən konsentrik yerləşmiş kollagen liflərdən ibarətdir.

Pulpoz nüvə. Diskin daxili hissəsi su və zülaldan ibarət geləbənzər mayedən ibarətdir.

Qapayıcı qığırdaq lövhələri. Fəqərə cismi ilə diski arasında qığırdaqdan ibarət lövhə yerləşir, bu disklə fəqərə cismini birləşdirir. Fəqərəarası disklərin qan təchizatı olmadığından ona qidalı maddələr və oksigen ancaq diffuziya yolu ilə daxil olur.

Diskin qapayıcı lövhəsi zədələndikdə, diskin qan təchizatı pozulur, nəticədə diskə qidalı maddələrin və oksigenin daxil olması zəifləyir. Stres və travma da prosesə qoşulduqda diskin degenerasiyası daha da sürətlənir, degenerativ kaskad yaranır. Degenerasiyaya uğramış diskin hidratasiyası (nəmliyi) azalır. Nəticədə disk elastikliyini itirir və xaricdən həlqə cırılır. Bir disk degenerasiyaya uğradıqda onurğa sütununun mexanikası dəyişir.

Bel fəqərəarası disklərinin degenerativ xəstəliyinin simptomları

Adətən beldə mülayim, daimi, amma dözülən ağrı olur. Bu bəzən bir neçə gün ərzində kəskinləşə bilir. Ümumi əlamətlərə aşağıdakılar aiddir:

Beldə ağrı. Zədələnmiş disk nahiyəsində ağrı. Ağrı sağrı, qasıq və budun yuxarı hissəsinə yayılır.

Ağrıların periodik kəskinləşməsi. Beldə ağrı bir neçə gün və ya həftə ərzində kəskinləşə bilər. Diskdə degenerasiya prosesi getdikcə, ağrı daha da kəskinləşir.

Yerli həssaslıq. Degenerativ diski əhatə edən nahiyədə həssaslıq müşahidə oluna bilər. Yerli ağrı əzələ gərginliyi və iltihab ilə də bağlı ola bilrər.

Ayaqda ağrı. Əgər sinir kökcüyünün sıxılması varsa nevroloji simptomlar: keyimə, zəiflik və ya sağrı, bud nahiyəsində tutmaşəkilli ağrı müşahidə oluna bilər.


Adətən ağrı müəyyən hərəkətlər və müəyyən vəziyyət zamanı azalır:

Oturma zamanı ağrı artır: uzun müddət oturduqda beldə ağrı hissi yaranır, ayağa qalxıb hərəkət etdikdən sonra ağrı azalır. Arxaya söykənmiş vəziyyətdə oturmaq və belin arxasına yastıq qoymaq ağrını azaldır.  

Hərəkət zamanı və ya vəziyyəti dəyişdikdə ağrının azalır: Onurğanın vəziyyəti dəyişdikdə disklərə təzyiq azalır, əzələlərə və oynaqlara ötürülür.
Bel fəqərəarası disklərinin degenerativ xəstəliyinin səbəbləri
Yaş faktoru
Travma

Risk faktorları:
Genetik meyllik
Onurğa sütununa düşən yükün idman, ağırlıq qaldırma və ağır fiziki işlə artması
Uzun müddətli oturaq iş rejimi və qamət pozğunluğu
Onurğa sütunu ətraf əzələlərinin zəifliyi
Piylənmə
Tütün

Bel fəqərəarası diklərinin degenerativ xəstəliyinin diaqnostikası

Xəstəlik tarixinin araşdırılması zamanı xəstənin şikayətləri, hansı müddətdir ağraması, ağrı ilə yanaşı digər simptomların (keyimə, iynə batma) olması, xəstəliyin yaranma səbəbi aydınlaşdırılır.

Müayinə vasitəsilə onurğa sütununda hərəkət diapazonuna baxılır. Palpasiya vasitəsilə ağrılı, iltihablaşmış nahiyələr müəyyənləşdirilir.

Maqnit rezonans tomoqrafiya (MRT) dəqiq diaqnozun qoyulmasında vacib müayinə üsuludur.

Bel fəqərəarası disklərinin degenerativ xəstəliyinin müalicəsi

Müalicə ağrının azaldılmasına və degenerasiyanın (yəni dağılma prosesinin) dayandırılmasına, onurğanın hərəkətinin bərpasına yönəldilir.

Müalicədə aşağıdakı prosedurlar tətbiq olunur:

Proloterapiya
Nevral terapiya
Homeosiniatriya
Akupunktura
Osteopatiya
Fizioterapiya
Reabilitasiya